Yanvarın 6-da prezident İlham Əliyev Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış AZAL təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Prezident görüşdə, qəza ilə bağlı aparılan araşdırmadan bəhs edib. Onun deməsinə görə, Qroznı şəhərində "kovyor" - hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib: "Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kovyor əməliyyatı" deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi".
Onun sözlərinə görə, qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi, AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü: "Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi?".
Prezident əlavə edib ki, artıq qəzaya uğrayan təyyarənin qara qutularının açılması prosesi başlanıb: "Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir".
29 dekabr
Prezident Əliyev təyyarəni Rusiyanın vurduğunu deyir. 'Bunu quşlara, qaz balonuna bağlamaq vicdansızlıqdır'
Prezident İlham Əliyev Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyir. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də xeyli zədələndiyini bildirib. Prezident Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində bu haqda danışıb.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını deyən prezident füzelyajın dəlik-deşik olmasının "ilkin olaraq kimsə tərəfindən atılmış" quş versiyasını sıradan çıxardığını söyləyib.
Sərnişin təyyarəsinin quş sürüsü ilə toqquşması versiyası həm "Rosaviasiya", həm də AZAL-ın ilkin məlumatlarında yer alıb.
"Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir...", – deyən prezident təyyarənin təsadüfən vurulduğunu, qəsdən terror aktından söhbət getmədiyini əlavə edib. O bildirib ki, Rusiya vaxtında üzr istəməyib, əvəzində birinci üç gün ərzində cəfəng versiyalar səslənib.
Rusiyanın təklifindən imtina edilib
Prezident Əliyev qəzanı Dövlətlərarası Aviasiya Komitəsinin araşdırması barədə Rusiyanın təklifini rədd etdiyini dilə gətirib, bunu həmin qurumun başında Rusiya vətəndaşlarının durması ilə əsaslandırıb. Prezident beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradıldığını söyləyib.
İ.Əliyev təyyarənin niyə Qroznıya enə bilməməsi, havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələrinin nə dərəcədə təsirli olmasına dair sualların olduğunu qeyd edib.
"Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır", – prezident bildirib.
İ.Əliyev təhlükəsizliklə əlaqədar Rusiyanın bəzi şəhərlərinə uçuşların onun göstərişi ilə müddətsiz dayandırıldığını deyib. Onun sözlərinə görə, Moskvaya rəsmi tələblər çatdırılıb – Rusiya Azərbaycandan üzr istəsin, öz günahını etiraf etsin, günahkarları cinayət məsuliyyətinə cəlb etsin, Azərbaycan dövlətinə, sərnişinlərə, ekipaj üzvlərinə təzminat ödənsin. İ.Əliyev birinci şərtin təmin olunduğunu, digər şərtlərin də qəbul olunacağına ümidini bildirib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarına zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.
Dekabrın 29-da iki dövlət başçısının daha bir telefon söhbəti barədə rəsmi açıqlama yayılıb.
Kreml bir gün öncə deyirdi ki...
Dekabrın 28-də Kremlin bu telefon söhbəti haqda yaydığı məlumatda deyilirdi ki, "sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı".
Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.